Çexiyada təhsil: universitetlər, qəbul şərtləri və tələbə həyatı

Çexiyada təhsil: universitetlər, qəbul şərtləri və tələbə həyatı

Çexiya son illərdə Avropada təhsil almaq istəyən beynəlxalq tələbələrin daha çox maraq göstərdiyi ölkələrdən biridir. Bunun əsas səbəbləri arasında keyfiyyətli universitetlər, ingilis dilində təhsil imkanları, Avropanın bir çox ölkəsi ilə müqayisədə daha münasib yaşayış xərcləri və çex dilində pulsuz dövlət təhsili imkanı var.

Praqa və Brno ölkənin əsas tələbə şəhərləri hesab olunur. Hər iki şəhərdə çoxsaylı universitetlər və demək olar ki, dünyanın hər yerindən gələn tələbələr var. Çexiyanın Avropanın mərkəzində yerləşməsi tələbələrə həm təhsil, həm də səyahət baxımından əlavə üstünlük qazandırır.

Niyə Çexiyada təhsil?

Çexiya Avropanın qədim ali təhsil ənənəsinə malik ölkələrindən biridir. Ölkənin ən tanınmış universitetlərindən olan Charles University 1348-ci ildə yaradılıb.

Bundan başqa, Czech Technical University in Prague (CTU), Masaryk University, Brno University of Technology, Prague University of Economics and Business (VŠE) və Czech University of Life Sciences kimi universitetlər də beynəlxalq tələbələr arasında kifayət qədər tanınır.

Çexiya universitetlərində xüsusilə aşağıdakı sahələr üzrə geniş seçim imkanları var:

  • kompüter elmləri və süni intellekt;
  • mühəndislik və texnologiya;
  • riyaziyyat və fizika;
  • iqtisadiyyat, biznes və maliyyə;
  • tibb və səhiyyə;
  • memarlıq və dizayn;
  • sosial və humanitar elmlər.

Universitet seçərkən yalnız ümumi reytinqə baxmaq doğru deyil. Bəzi universitetlər müəyyən ixtisaslar üzrə digərlərindən daha güclüdür. Buna görə əvvəlcə ixtisası müəyyənləşdirib, daha sonra həmin sahədə güclü olan universitetləri araşdırmaq daha məqsədəuyğundur.

Mühəndislik və IT üzrə təhsil

Praqa Çex Texniki Universiteti (CTU) Çexiyanın əsas texniki universitetlərindən biridir. Universitetdə kompüter elmləri (Computer Science), informatika (Informatics), kibernetika (Cybernetics), elektrik mühəndisliyi (Electrical Engineering), maşın mühəndisliyi (Mechanical Engineering) və inşaat mühəndisliyi (Civil Engineering) kimi müxtəlif texniki istiqamətlər üzrə proqramlar mövcuddur.

Xüsusilə İnformasiya Texnologiyaları Fakültəsi (Faculty of Information Technology) və Elektrik Mühəndisliyi Fakültəsi (Faculty of Electrical Engineering) proqramlaşdırma (Programming), informatika (Informatics), robototexnika (Robotics) və mühəndislik (Engineering) sahələrinə maraq göstərən tələbələr üçün yaxşı seçim hesab olunur.

2026/27 qəbul ili üçün bəzi ingilisdilli bakalavr proqramlarında təhsil haqqı semestr üzrə təxminən $2,530–$2,950(55 000–64 000 CZK) təşkil edir. Məbləğ fakültə və proqramdan asılı olaraq dəyişə bilər.

Charles Universiteti

Praqada yerləşən Charles Universiteti Çexiyanın ən tanınmış universitetlərindən biridir. Universitetdə riyaziyyat, fizika, kompüter elmləri, tibb, sosial elmlər, psixologiya və humanitar sahələr üzrə geniş proqram seçimi mövcuddur.

Riyaziyyat və Fizika Fakültəsi (Faculty of Mathematics and Physics) xüsusilə kompüter elmləri (Computer Science) və riyaziyyat (Mathematics) sahələrində güclü akademik bazaya sahibdir.

2026/27-ci tədris ili üçün bu fakültədə ingilis dilində bəzi bakalavr və magistr proqramlarının Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn tələbələr üçün illik təhsil haqqı $7,700–$7,800 təşkil edir.

Tibb kimi proqramlarda isə qiymətlər daha yüksək ola bilər. Buna görə təhsil haqqını universitet üzrə deyil, konkret fakültə və proqram üzrə yoxlamaq lazımdır.

Brno və Masaryk Universiteti

Praqa beynəlxalq tələbələr arasında daha məşhur olsa da, Brno da təhsil üçün yaxşı alternativdir. Praqa ilə müqayisədə Brno tələbələr üçün daha münasibdir və sərfəli hesab olunur.

Masaryk Universiteti Çexiyanın ən böyük universitetlərindən biridir. Burada kompüter elmləri (Computer Science), məlumatların təhlili və modelləşdirilməsi(Data Science), iqtisadiyyat (Economics), sosial elmlər (Social Sciences), tibb (Medicine), təbiət elmlər(Life Sciences) və humanitar elmlər (Humanities) kimi müxtəlif istiqamətlər üzrə proqramlar tədris olunur.

İngilis dilində tədris olunan proqramlarda təhsil haqqı seçilən fakültə və ixtisasa görə dəyişir. 2026/27 tədris ili üçün bir sıra proqramlarda illik təhsil haqqı təxminən $3,400–$5,000-dan başlayır. Tibb və stomatologiya kimi ixtisaslarda isə təhsil haqqı daha yüksəkdir.

Biznes və iqtisadiyyat üzrə təhsil

Biznes, iqtisadiyyat, maliyyə və menecment sahələrinə maraq göstərən tələbələr üçün Praqa İqtisadiyyat və Biznes Universiteti (VŠE) yaxşı seçimlərdən biri hesab olunur.

Universitetin Praqada yerləşməsi tələbələr üçün əlavə üstünlük yaradır. Şəhərdə çoxsaylı beynəlxalq şirkətlərin və biznes mərkəzlərinin fəaliyyət göstərməsi təcrübə proqramlarında iştirak etmək, real iş mühiti ilə tanış olmaq və gələcək iş imkanlarını genişləndirmək baxımından əlverişli şərait yaradır.

Çexiyada ingilis dilində təhsil almaq mümkündürmü?

Bəli. Çexiyada ingilis dilində təhsil almaq mümkündür və seçim kifayət qədər genişdir. Xüsusilə magistratura proqramlarında ingilisdilli ixtisaslar çoxdur. Bakalavr səviyyəsində isə Kompüter elmləri, Mühəndislik, Biznes, İqtisadiyyat, Beynəlxalq münasibətlər, Sosial elmlər və bəzi Tibb proqramlarına rast gəlmək olar.

Təhsil haqqı əsasən proqramın hansı dildə keçirilməsindən asılıdır. Dövlət universitetlərində çex dilində oxuyan tələbələr üçün təhsil adətən ödənişsiz olur. İngilis dilində olan proqramlar isə çox vaxt ödənişlidir.

Çex dilində təhsil seçən tələbələrdən adətən B2, bəzi ixtisaslarda isə C1 səviyyəsində dil biliyi tələb olunur. Bu yol daha sərfəli ola bilər, amma universitetə başlamazdan əvvəl dili yaxşı səviyyədə öyrənmək lazımdır.

Qəbul üçün hansı sənədlər tələb olunur?

Qəbul tələbləri universitetə və seçilən proqrama görə dəyişir. Bakalavr müraciətlərində əsasən aşağıdakı sənədlər tələb oluna bilər:

  • attestat və ya məzun olacağını təsdiqləyən sənəd;
  • məktəb transkripti;
  • pasport;
  • onlayn ərizə;
  • motivasiya məktubu və ya personal statement;
  • CV;
  • IELTS, TOEFL və ya digər dil sertifikatı;
  • qəbul imtahanı və ya müsahibə;
  • bəzi proqramlarda SAT və ya digər akademik nəticələr;

Mühəndislik, riyaziyyat, tibb və bəzi digər proqramlarda ayrıca qəbul imtahanı keçirilə bilər.

Çexiyada təhsil haqqı

Çexiyada təhsil haqqı əsasən proqramın dilindən və universitetdən asılıdır.

Dövlət universitetlərində çex dilində və standart təhsil müddəti çərçivəsində oxuyan tələbələr üçün təhsil adətən pulsuzdur.

İngilis dilində proqramlarda isə illik ödəniş universitetə və ixtisasa görə dəyişir. Sosial elmlər, humanitar elmlər, kompüter elmləri və mühəndislik proqramlarında qiymətlər bir neçə min avrodan başlaya bilər.

Tibb və stomatologiya proqramlarının qiyməti isə xeyli yüksək ola bilər.

Özəl universitetlərdə təhsil haqqı universitet tərəfindən ayrıca müəyyən edilir.

Buna görə Çexiyada təhsilin tamamilə pulsuz olduğunu demək düzgün olmaz. Pulsuz təhsil imkanı əsasən çex dilində dövlət universitetlərində təhsil alan tələbələrə aiddir.

Təqaüd imkanları

Çexiyada müxtəlif təqaüd və maliyyə dəstəyi imkanları mövcuddur.

Bunlara aşağıdakılar daxildir:

Çexiyada əsas təqaüd proqramları

Çexiyada beynəlxalq tələbələr üçün müxtəlif təqaüd imkanları var. Əsas olanlar bunlardır:

  • Çexiya Hökumət Təqaüdü – müəyyən ölkələrdən olan tələbələr üçün dövlət tərəfindən verilir;
  • İkitərəfli Təqaüd Proqramları – Çexiya ilə digər ölkələr arasında razılaşmalar əsasında təqdim olunur;
  • Erasmus+ – tələbələrə başqa Avropa ölkəsində təhsil almaq və mübadilə proqramında iştirak etmək imkanı verir;
  • CEEPUS – Mərkəzi Avropa ölkələri arasında tələbə mübadiləsi proqramıdır;
  • Akademik nailiyyət təqaüdləri – yüksək nəticə göstərən tələbələrə universitetlər tərəfindən verilir;
  • Yaşayış təqaüdləri – bəzi universitetlər tələbələrin yaşayış xərclərinə dəstək göstərir;
  • Doktorantura təqaüdləri – doktorantura tələbələri üçün nəzərdə tutulur;
  • Tədqiqat qrantları – elmi araşdırma və akademik layihələr üçün maliyyə dəstəyi verir.

Hökumət təqaüdləri hər il bütün ölkələrin vətəndaşları üçün açıq olmaya bilər. Buna görə Azərbaycan vətəndaşlarının uyğunluğu konkret qəbul ili üzrə ayrıca yoxlanmalıdır.

Universitet daxili təqaüdlərin şərtləri də fakültədən və akademik nəticələrdən asılı olaraq dəyişir.

Çexiyada yaşayış xərcləri

Yaşayış xərcləri əsasən seçilən şəhərdən və tələbənin həyat tərzindən asılıdır.

Praqa ölkənin ən bahalı şəhərlərindən biridir. Brno adətən nisbətən münasibdir. Olomouc, Ostrava, Liberec və Pardubice kimi şəhərlərdə isə yaşayış xərcləri daha aşağı ola bilər.

Praqada tələbənin aylıq ümumi büdcəsi təxminən $675–$843 dan başlaya bilər. Yataqxana və ya kirayə mənzil seçimi, gündəlik qidalanma, nəqliyyat və şəxsi xərclər ümumi büdcəyə birbaşa təsir göstərir.

Aylıq xərclərə əsasən aşağıdakılar daxildir:

  • yataqxana və ya kirayə;
  • ərzaq;
  • ictimai nəqliyyat;
  • mobil rabitə və internet;
  • sığorta;
  • dərs materialları;
  • şəxsi xərclər.

Harada qalmaq daha sərfəlidir?

Xaricdə ilk dəfə təhsil alan tələbələr üçün universitet yataqxanası daha rahat seçim ola bilər.

CTU, Charles Universiteti, Masaryk Universiteti və digər böyük universitetlərin tələbə yataqxanaları mövcuddur.

Yataqxanada yaşamaq həm daha münasib qiymətə başa gələ bilər, həm də tələbənin universitet və digər tələbələrlə daha tez uyğunlaşmasına kömək edir.

Kirayə mənzil isə daha çox sərbəstlik verir. Bununla belə, xüsusilə Praqada münasib qiymətə mənzil tapmaq çətin ola bilər. Müqavilə şərtləri, depozit, kommunal ödənişlər və ev sahibinin tələbləri əvvəlcədən diqqətlə yoxlanmalıdır.

Tələbə həyatı

Çexiyada tələbə həyatı kifayət qədər aktivdir.

Praqa tələbələr üçün maraqlı və rəngarəng şəhərlərdən biridir. Gün ərzində universitet həyatı, axşam isə konsertlər, muzeylər, tədbirlər və beynəlxalq tələbə mühiti şəhərə tamam fərqli ab-hava verir. Brno isə daha sakit, kompakt və tələbə dostu atmosferi ilə seçilir.

Çexiyanın Avropanın mərkəzində yerləşməsi tələbələr üçün ayrıca üstünlükdür. Avstriya, Almaniya, Slovakiya və Polşa kimi ölkələrə qatar və avtobusla qısa zamanda çatmaq mümkündür. Bu yaxınlıq tələbələrə təkcə səyahət etmək deyil, başqa ölkələrdə keçirilən universitet tədbirlərinə, konfranslara, yarışlara və təcrübə proqramlarına qatılmaq imkanı da yaradır.

Gündəlik həyatda ictimai nəqliyyatdan istifadə rahatdır və tələbələr üçün müxtəlif endirimlər mövcuddur. Praqa və Brno kimi böyük şəhərlərdə ingilis dili ilə çox işi həll etmək mümkündür. Amma çex dilini bilmək, xüsusilə kirayə, səhiyyə, dövlət qurumları və yerli insanlarla ünsiyyət zamanı böyük rahatlıq yaradır.

Çexiyada təhsil almağın üstünlükləri

Çexiyada təhsilin əsas üstünlükləri bunlardır:

  • Avropanın mərkəzində yerləşməsi;
  • güclü dövlət və texniki universitetlərin olması;
  • ingilis dilində proqram seçiminin genişliyi;
  • çex dilində dövlət təhsili üçün pulsuz təhsil imkanının olması;
  • Praqa və Brno kimi böyük tələbə şəhərləri;
  • Qərbi Avropanın bəzi ölkələri ilə müqayisədə daha münasib yaşayış xərcləri;
  • texnologiya, mühəndislik, biznes və elmi tədqiqat sahələrində geniş imkanlar.

Nələri əvvəlcədən nəzərə almaq lazımdır?

Nostrifikasiya və digər sənədləşmə prosesləri vaxt apara bilər. Bəzi universitetlərdə qəbul imtahanları keçirilir və buna ayrıca hazırlaşmaq tələb olunur.

Xüsusilə Praqada kirayə qiymətləri yüksək ola bilər və universitet yataqxanalarında yerlər tez dolur.

Çex dilində pulsuz təhsil planlaşdıran tələbələr isə dili akademik səviyyədə öyrənməlidirlər.

Çexiya kimlər üçün uyğun seçimdir?

Çexiya xüsusilə Avropada keyfiyyətli təhsil almaq istəyən, amma büdcəsini də nəzərə alan tələbələr üçün maraqlı seçim ola bilər. Kompüter elmləri, süni intellekt, mühəndislik, riyaziyyat, biznes və tibb kimi sahələr üzrə ölkədə yaxşı universitet seçimləri mövcuddur.

Bax həmçinin: İtaliyada təhsil · Təqaüd proqramları · Xaricdə təhsil üçün hansı imtahanlar lazımdır

Whatsapp
Edudistance
Edudistance
Salam! sizə necə yardımcı ola bilərik?